Azərbaycan qopur

405454_10150575755774064_30639489063_9092493_317825202_n
Yeniyetmə vaxtlarımda yazıçı Əbülhəsənin “Dünya qopur” romanı evimizdəki kitabların arasından gözümə sataşdı. Götürüb oxumağa başladım. İndi bəzilərinin lağlağı formasında “Sovet ədəbiyyatı” deyib hər nə qədər barmaqarası baxmalarına baxmayaraq bu əsəri indiki dövr üçün də aktual hesab edirəm. Hələ əsəri ilk dəfə oxuyanda heyrətlənmişdim ki, dünyanının siyasi məcrasını dəyişən inqilabi bir hökumət Azərbaycanda qurularkən insanların əhvali-ruhiyyəsini, o dövrkü düşüncə tərzini, təfəkkür səviyyəsini yazıçı necə də ustalıqla qələmə alıb. Ancaq indi mövzumuz bu əsər deyil. Yazıda bu əsəri xatırlamağım da əbəs deyildi. Ən azından ad oxşarlığının halallığı üçün.
Bir neçə gün bundan əvvəl, daha dəqiqi, 2017-ci il fevral ayının 18-də qandonduran bir xəbər eşitdim. Xaricdə yaşayan azərbaycanlı bir videobloggerə təzyiq etmək üçün onun ailə üzvlərini polis şöbəsinə aparıblar. Yəni sözün hər mənasında girov olaraq. Doğrusu, bu, birinci belə hal deyildi. Dəhşət də elə budur: bu, birinci hadisə deyil. Videobloggerə təzyiq etmək üçün polis onun bacılarını şöbəyə aparıb. “Aparıb” kəlməsi burada qətiyyən uyğun səslənmir. “Girov götürüb” kəlmələri hadisənin mahiyyətinə tam uyğun gəlir. Və burada insanın düşüncələri bir-birinə qarışır. Yavaş-yavaş özün üçün ayırd etməyə çalışırsan: “Necə yəni girov götürüb?”, “Necə yəni bacılarından təzyiq göstərmək üçün istifadə edirlər?” Və yenə xatırlayırsan: Axı, bu da birinci belə hal deyil. Elə bu zaman Kefli İsgəndərsayağı bu işi görənlərin də, bu işə cınqırını çıxarmayıb sakitcə baxan özünün də üzünə tüpürmək istəyirsən: Tfu, sizin üzünüzə!
Və düşünürsən ki,  bundan əvvəl baş verən bu hadisələrə susmasaydın, bu, bir daha təkrar olmazdı. Çox qəribədir, mafiyalardan görüb-eşitdiyimiz, gözlədiyimiz hərəkəti bizdə polislər edir. Və bu dəfə də dönüb Azərbaycan polisinin ən azı son 10 illik tarixinə baxırsan, baxırsan və deyirsən: qəribə və gözlənilməz heç nə yoxdur. O blogger cinayətkar olsa belə, bu, onun ailə üzvlərinin incidilməsinə, girov edilməsinə, nə əsas verir, nə də bəraət qazandırır. Əsla!
Bizim polisin tarixi belə hadisələrlə bol və zəngindir. Yadınıza gəlir yəqin Naxçıvanda tükürpədən Turac Zeynalov hadisəsi və ondan sonra onun ailəsi ilə baş verənlər. Bəziləri bu yerdə deyəcək ki, bu, indi olmayan MTN-in cinayəti idi. Onda yaxın günlərə qayıdaq. Bəs, bu yaxınlarda oxuduğu repə görə həmin repçinin anasını, qohumlarını polisə aparmamışdılarmı? – Aparmışdılar. Bu cür hadisələr saysız-hesabsızdır. Hələ daha dəhşətlisini yazmadıq. İllər bundan əvvəl Gəncədə bir polisin polis məntəqəsində saxladığı şəxsin anasına qarşı etmək istədiyi insanlığa, bu məmləkətə, dövlətə ləkə hərəkəti bilənlərin çoxu unutmayıb.
Məmləkətdə baş verən bu hadisələrə ad qoymaq, ad vermək çətindir. Əslində, bizim işimiz ad tapmaq da olmamalıdır. Buna qarşı müqavimət, mübarizə olmalıdır. Amma biz əksini edirik. Oturub gözləyirik. Sual yaranır: nəyi gözləyirik? Gözləyirik ki, dövlət belə halların qarşısını almaq üçün tədbir görəcək. Acınacaqlı haldır ki, hələ də içimizdə bu əfəl inamla yaşayanlar var. Və belələrinə demək istəyirsən: bu dövlətin başçısı, deputatı sənin istəyinləmi seçilib? – Yox! Bu dövlətin hansısa naziri, məmuru sənin xidmətində, bu xalqın xidmətində olubmu bir dəfə? – Yox! Elə isə, necə, hansı məntiqlə bu dövlətdən bu addımı gözləyirsən? Əksinə, bu addımı gözlədiyin bu dövlət (və ya dövləti qəsb etmiş bu hakimiyyət) illərdir ki, elə bunun üçün çalışır. Bizsə, gözləyirik ki, onlar öz etdikləri dəhşətli, tükürpədən hadisələr haqda tədbir görəcəklər Mənfur ümiddir, deyilmi?
İllərdir bu ölkədə müqəddəs mənəvi dəyərlərin itməsi, silinməsi üçün çalışan bir hakimiyyətdən bunu gözləmək ağılsızlıqdan başqa bir şey deyil.
Bəli,nə vaxtsa, bu məmləkətdə müqəddəs dəyərlər var idi. Və bu hakimiyyət onları günbəgün məhv etməyə başladı. Buna nail də oldu. Bu müqəddəs, insani dəyərlərdən qalan son parçaları da bu hakimiyyətin “otur-qalx” komandasını icra edən heyvərələrlə dolu tv kanalları, orada verilən şoular, özlərində olmayan əxlaqdan insanlara dərs keçən  müğənniciyəzlər, ağıldankəm aktyor və aktrisalar, əlinə qələm tutmaqla özünü jurnalist, şair, yazıçı sayanlar sürüsü məhv etməyə girişdilər. Və buyurun, bu da nəticəsi, bu da bəhrəsi.
kanallar400_2
Axı, bu dəyərlər var idi. Ancaq yuxarıda bəhs etdiyim komanda və komanda sahibləri bütün bu dəyərləri eksperiment vasitəsinə çevirdilər və elə bir həddə gətirib çıxardılar ki, kimsə bu dəyərlərdən birinin adını çəkib danışanda ona rişxənd edir, gülür, ələ salırıq. Yadıma Valentin Rasputinin unudulmaz “Yanğın”ındakı bu kəlmələr düşür: “Hələ dünənə kimi hamılıqla yapışdığın, hamı üçün ümumi olan əmin-amanlıq yazılmamış qanun, həyati zərurət idisə, indi o keçmişin qalığı, nəsə bir nanəciblik, satqınlıq kimi qələmə verilir.”
Eynilə, bizdəki kimi. Bu gün, əxlaqi, mənəvi, mədəni, müxtəlif mütərəqqi dəyərlərin vəhdət halda olub əmin-amanlıq yaratdığı dəyərlər bizdə məhz bu cür qələmə verilir, rişxənd, qınaq, lağlağı obyektinə çevrildilir, mənaları dəyişdirilir. Hələ dünənə qədər şərəf kəlməsi o qədər müqəddəs, o qədər əziz idi ki. İndisə, gənclər bu sözü yumor vasitəsinə çevirib bir-birinə “şərəfsiz” deyə zarafat da edirlər. Mənəvi aşınmanın dərəcəsinə baxın!
Və bu cür müqəddəs anlayışların məhvi, sonra da kəllə-mayallaq məzmunda təqdim olunmasıdır ki, cəmiyyət baş verən bu dəhşətli hallara susur və müqavimət gücünü özündə tapa bilmir, əksinə, günbəgün itirir. Bunun da nəticəsidir ki, — “İndi qorxu, nifrət, ağrı var, lakin hisslərdəki ləyaqət yoxdur,  — Corc Oruellin bu kəlmələri vəziyyətimizin hal-hazırki mənzərəsini tam aydın göstərir.
Hələ biz uşaq olanda atam bizə bir tarixi əhvalatı danışardı. Sovet Hakimiyyəti Azərbaycanda qurulan vaxt bəylərdən biri ailəsi ilə Arazın o tayına keçməyi qərara alır. Lakin, gəlini hamilə olduğu üçün onu aparmaq mümkün olmur. Vəziyyəti belə görən bəy etibar etdiyi dostlarının qalmadığını görüb öz qan düşməninin yanına gəlir, gəlinini ona əmanət edir və ondan xahiş edir ki, qadın azad olana kimi sizdə qalsın,sonra qayıdıb onu da aparacağam.
Günümüz üçün inanılmaz hadisədir və inanmayanlar bunu danışanda sənə güləcəklər. Niyə güldüklərinin səbəbi isə məlumdur: günümüzdə dəyərlərin aşınması, yoxa çıxması. Həm də bəziləri axı, bu hadisəyə necə inansın ki, bu gün, polis qadınları girov götürür, müqəddəs məhfumlar, anlayışlar təhqir olunur, ələ salınır. Və bütün bu hadisələrin axarında qanunauyğundur: cəmiyyət baş verən bu hadisələrdən deyil, mənasız, heyvərə, əxlaqdan naqis tv şoulardan ekzaltasiya yaşayır. Hakimiyyət və onun əmrinə tabe olan komanda isə dəyərləri eksperiment vasitəsinə çevirməyi hər növbəti gün daha da sürətləndirir. Nəticədə, illərlə qazanılmış, qətrə-qətrə toplanmış mədəni, bəşəri, tərəqqipərvər dəyərlər günbəgün deqradasiyaya uğrayır və bu dəyərlərin yoxa çıxması fəlakət, faciə gətirir. Özü də hər növbəti gün daha da dəhşətlisini!
Toxunulmaz, toxunulması ağla heç cür sığışdırılmayan dəyərlər belə, heçə çevrildilir, ələ salınır. Bu məqamda Tofiq Tağızadənin ölməz “Yedi oğul istərəm” filmindəki tarixi ibrətlik səhnəni xatırlamamaq olmur. Gəldikləri kənddə xalqın inancını, dəyərlərini ələ salan Mirpaşanı yoldaşları bundan çəkindirməyə çalışsalar da, ona bunun doğru olmadığını izah etsələr də, faydası olmur. Mirpaşa özbaşınalığının son həddi kimi məscidə it bağlayır. Bu, xalqın inancının, müqəddəs dəyərinin heçə sayılması demək idi. Və xalqın cavabı da özünü çox gözlətmir. Mirpaşa öldürülür və… və cəsədinə it bağlatdırılır. Həmişə bu kadrlara baxanda rejissorun necə dahiyanə bir film çəkdiyinin fərqinə varmışam. Bu, həyat dərsi verən bir səhnədir. Bəli, sən bu gün xalqın illərlə qazandığı mütərəqqi, bəşəri ideyalarının məhvinə başlasan, toxunulması yolverilməz dəyərlərinə, inancına  toxunsan, ələ salsan geci-tezi xalq səni o Mirpaşanın gününə salacaq. Bu, qaçılmaz sonluqdur. Ölkədə özbaşınalığı sədd, sərhəd tanımayan, at oynadan mirpaşalar sayca nə qədər çox olur-olsun, əvvəl-axır xalq onları layiq olduqları yerə göndərəcək – tarixin zibilliyinə!
Bir dəfə sevimli publisist Məmməd Süleymanovu Azadlıq Radiosunda verilişlərdən birinə dəvət etmişdilər. Verilişdə Məmməd Süleymanovdan köhnə Bakı oliqarxları, milyonçuları ilə indiki Azərbaycan oliqarxiyası arasında hansı fərqlərin olub-olmaması soruşuldu. O, demək olar ki, heç bir fərq görmədiyini dedi. Bir istisnadan başqa: “O köhnə kişilərin müəyyən dəyərləri vardı.”
Bəli, məhz o dəyərlərin gücü idi, XX əsrin 20-ci illərində Bakı polis idarəsinin köməkçisi vəzifəsində işləyən Məmmədbəy Məmmədbəyovu həbsdə olan Əlimərdan bəy Topçubaşova kömək etmək istəməsi ilə bağlı məktub yazdıran. M.Məmmədbəyov Ə.Topçubaşova yazdığı məktubunda qeyd edirdi ki, ona kömək etmək üçün kiçik bir imkan var və o bu imkanı xalqın bu böyük oğlundan əsirgəmək istəmir. Və sonda bunları da qeyd etməyi unutmur: “Siz bu işlər üçün böyük qurbanlar versəniz də, bunları bu gün heç kim qiymətləndirmir, ancaq zaman keçdikcə tarix sizin adınızı qızıl hərflərlə yazacaq.”
Bəs, görəsən indiki dövrdə, hər gün yeni-yeni qəddar işgəncə üsullarına müəlliflik edən polis orqanlarımızda M.Məmmədbəyov kimi polislər varmı?!
Bu günün polisi mənə çar dövrünün azğın, quduz milislərini, pristavlarını, onların əhali ilə etdikləri vəhşi rəftarı xatırladır. Fərman Eyvazlının “Qaçaq Kərəm” romanında günümüzlə səsləşən, çox ibrətamiz bir epizod var.
Kərəm İsgəndəroğlunu (yəni Qaçaq Kərəmi) ələ keçirmək üçün qubernator onun ailəsinin kənddən sürgün olunması barədə göstəriş verir. Camaatın içindən bir nəfər “Kərəmdən ötrü bu qədər adamı ev-eşiyindən didərgin salmaq  olmaz” desə də, ona nə hay verən olur, nə də müdafiə edən. Kərəmin ailəsini pristavın yanına gətirirlər. Pristavla Kərəmin anası arasında belə bir dialoq baş verir:
-Hanı sənin quldur oğlun?
-Mən igid doğmuşam, quldur yox!
-İgiddirsə, qoy gəlsin indi sizi bu dardan qurtarsın. Görüm necə qurtarır. İgid oğul anasını ağıza salıb özü gizlənməz.
Bu sözlərdən sonra da Kərəmin anasının sınmadığını, əksinə, başını daha da dik tutub cavab verdiyini görən pristav əclaf bir üsula əl atır. El-obanın yanında qadını bihörmət etmək üçün ona sataşmaq qərarına gəlir:
-Tezliklə, sənin o qorxu bilməz şir balanı qəfəsə salsaq, onda necə? De görüm Kərəm kimi yenə bir oğul doğa bilərsənmi?
Ancaq Kərəmin anasının  cavabı elə sərrast olur ki, pristavı güllə kimi dəlir:
-Kərəm kimi nər doğmağa İsgəndər kimi ər gərək! Qatır cinsindən ayğır törəməz!
Vəssalam! Həqiqi və möhtəşəm cavab! İndi hansı cinsdən törədiyini bilmədiyimiz adamlar bu məmləkətdə at oynadır, ədalətsiz hökmlər verir, cinayət törədir və cəzasız qalırlar.
Adları mahiyyətinə uyğun vermək və mahiyyətlərinə uyğun olaraq adlandırmaq, söyləmək lazımdır. Adam oğurluğu ilə məşğul olan, rüşvət alan, tələb edən, cinayət törədən, adamları girov saxlayanlara necə polis demək olar? Yəni belələrini ona görə polis adlandırmalıyıq ki, polis forması geyinir və polis vəsiqəsi daşıyırlar? Bu yerdə yenə də “Qaçaq Kərəm” romanından Kərəmin bibisinin bayaq qeyd etdiyim epizoda dediyi bayatısını xatırlayıram:
Eləmi qurumsaqlar,
Buxarı qurum saxlar.
Başına papaq qoyub
Hər yetən qurumsaqlar!
Bütün bu cərəyan edən hadisələri analiz etdikcə vəhşətsaçan bir həqiqətlə qarşılaşırsan: Azərbaycan qopur! İnsani, bəşəri, mənəvi dəyərlərin simvolik xəritəsindən, ərazisindən. Və bizim susqunluğumuz, müqavimətsizliyimiz bu qopmanı daha da sürətləndirir və bizi də bir heçə, dəyəri olmayan məxluqa çevirir. Müqavimət göstərmədikcə, bu dəyərsizlik hamımıza yoluxur, yoluxmağa davam edir. Bu, Kamyunun “Taun”undan da betər bir bəladır. Bizi yalnız müqavimət gücümüz xilas edə bilər. Və o müqavimət azsaylı belə olsa, bu, ruhdan düşməmək üçün yetərlidir. Belə olduqda, deməli, xilas mümkündür.
Baxmayaraq ki, vəziyyət dəhşətlidir. Axı, bir filmdə deyilirdi: Daha yaxşı olması üçün əvvəlcə daha pis olur.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s